12 Aralık 2015 Cumartesi

Yiyəsiz Borçalıya bir yiyə tapılacaqmı?

                         ­­     
          Hörmətli oxucular s­­­­iz bilirsinizki, 1990-91-ci illərdə Borçalı da ağır günlər keçirdi. Kamsaxurdiya dövründə “ Gürcüstan gürcülər üçündür”  şüarı yarandı. Azərbaycanlılar “qonaq” gəliblər getsinlər deyə hücum kampaniyası başladı. 200 minə qədər gürcüstanlı azərbaycanlılar qovuldu. 20-dən artıq adam öldürüldü. Allaha şükür ki, Şverdnadze tez peyda oldu. Kamsaxurdiya öldürüldü. Yoxsa Borçalının aqibəti  Ermənistanlılarınki kimi olmalı idi. O zaman qırğın vaxtı gürcülərin əllərində olan bir dövlət sənətini bizim gözmüzə soxaraq, deyirdilər ki, alın oxuyun siz XVII-əsrdə  gəlib yermizi tutubsunuz. Nəki durdunuz bəsdi. İndi öz yurdunuza gedin. Əllərində olan bu sənəddə A.M.E.A-nın Ensklopediyasında yazılan “Azərbaycanlılar XVII-əsrdə kütləvi surətdə Borçalıya köçürülmüşlər” yazısı idi. Nə qədər ki bu yazı hökümdədir Borçlılara qonaq deyiləcəkdir. Onların da dilləri daima gödək olcaqdır. Çünkü sübut göz önündədir.
       Televizor və mətbuatlardan eşitdiyimə görə Akademiyanın arxeologiya institutu Gürcülərlə birlikdə Azərbaycanda arxeoloji işlər aparmışlar. Biz də istəyirik ki, Borçalıda gürcülərlə birlikdə arxeoloji qazıntılar aparılsın və Borçalılardan gəlmə adı götürülsün. Bir neçə dəfə akademiyaya müraciət elədiyimizə baxmayaraq cavab yoxdur. İlk tanışlıq üçün Borçalıda olan yüzdən çox türk abidələrindən bir neçəsini yazıb bildirmək istəyirəm.    
        Borçalıda  olan qədim türk abidələri ilə bir dəfə də olsun nə Azərbaycan nə də Türkiyə  alimləri maraqlanmamışlar. Elə ona görə də çox asanlıqla bu abidələri gürcülər  bu gün özlərinin tarixi abidələri kimi yiyələnirlər. Onları istədikləri kimi təmir edib, içərisində otururlar. Bu qədim tikililər körpülərdən, qalalardan və kilsələrdən ibarətdir.
          Eradan öncələrdə adı çəkilən Sakların və Kapanakların “Sakındur” və “Kapanak” şəhərlərinin böyük ərazidə xarabalıqları, kalafaları bu gün də durur.
         Bolus (Bolnisi) rayonun Kəpənəkçi kəndinin şərqində "Sarı kilsə" adlı yarısı uçmuş kilsədə 1960-65-ci illərdə Gürcüstan arxeoloji ekspedisiyası kəşfiyyat işləri aparan zaman iki metr dərinlikdə  IV əsrə aid edilən gənc oğlan qəbri tapılmışdır. Sinə daşında qədim türk dilində yazı aşkar edilmişdir. Yazıda deyilir "Kapanakçı xaqanın oğlu gənc (prins), kapanak çayında boğulub öldü". Həmin daş iki il Tiflis tarix muzeyində saxlanıldı, iki ildən sonra muzeydən götürüldü.
         Kəpənəkçinin içində Çataq (Poladauri) yolunun sağında "Qoçlu kilsə" IV əsrə aid edilir. 1930-40-cı illərdə kilsənin ətrafında yüzlərlə qoç heykəlli qəbir daşları var idi. Bu gün bir dənəsi də yoxdur. Deyilənə görə nə vaxtsa gürcülər maşına doldurub aparmışlar. Hal-hazırda kilsə sağlam vəziyyətdə, işlək haldadır. Gürcü keşişi yiyələnib içində yaşıyır.
         Xaçın kəndi ilə Ağalıq arasında Bolus (Bolnisi) siyonu deyilən böyük, əzəmətli kilsə yerləşir. Kilsənin ətrafında çoxlu qəbirstanlıq var. Vaxtı ilə  burada çoxlu qoç heykəlləri də var idi. Bu gün kilsə gözəl təmir olunub, içərisində keşiş oturur.
         Kəpənəkçinin qərbində Kəpənəkçi çayının sağ sahilində "Yazılı kilsə" adlı kilsə bu gün yaxşı təmir olunmuş və içərisinə keşiş qoyulmuşdur.
         Kəpənəkçinin cənubunda Talıfıllıdan bir kilometr aralı, meşəlikdə kilsəli deyilən yerdə qədim kilsə və ətrafında böyük qəbirstanlıq var. Onuda təmir edib içinə keşişlər qoymuşlar. Çataq yolu meşəsində cinni binə deyilən yerdə (həmin yerə Mehdilli yurdu deyilir) içərisi bəzədilmiş halda balaca bir kilsə var. Ətrafında isə əlləri çarpazlaşmış insan fiqurlu qəbir daşları vardır. Ondan bir kilometr aralı, dağın başında əzəmətli bir kilsə də var. Bu gün hər ikisində keşiş durur.
         Port-port deyilən yerdəki kilsənin də ətrafında çoxlu qəbirstanlıq var. Qəbirstanlıqda əli çarpazlaşmış və qoç şəkilli sinə daşları var idi. İndi qoç heykəlləri yox olmuşdur. Kilsə baxımlı haldadır, içərisində keşiş durur.
         Saray yerindəki, yazılı kilsənin də ətrafı qəbirstanlıqdır. Qapısında kitabə mövcuddur. Mütəxəssislərin dediklərinə görə, kitabədəki yazılar gürcü dilində deyil.
         Abdallı kəndi ilə Kveşi kəndi arasındakı, təpə başında çox əzəmətli olan "Abdal" qalası ucaldılmışdır. Deyilənə görə qala 5-ci əsrə aid edilir. 1940 illərdə qalanın qapısının üstündə iki metrdən artıq uzunluğu olan nəhəng bir kitabə var idi. Yerli xalqın dediyinə görə Tiflisdən gələn mütəxəsislər demişdilər ki, yazı qədim türk-moğol dilindədir. 1955-ci ildə yolum bir daha ora düşdü. Ancaq artıq kitabə götürülmüşdür. Yerli xalq dedi ki, “Tiflisdən gələn briqada daşı çox çətinliklə söküb Tiflisə apardılar”. Əgər yazı gürcü dilində olsa idi, belə bir əzəmətli qalanın kitabəsini sökməzdilər. Demək çuvalda pişik gizlənmişdir.  
         Tarixdə bir çox olayların  şahidi olan başı bəlalı Dumanıs (Dmanisi) qalasında da kitabə var idi. Ancaq son zaman kitabəni görmədim.
         Şəmşoğlu kəndindəki kilsələr hələ yararlı haldadılar. Oradakı xaçların üzərində buta şəkilli oymalar var. Belə xaçları gürcülər harda tapsalar. Oxalayıb məhv edirlər. Bu kilsəyə oxşar digər bir kilsə də, Sakındur şəhərinin  xarabalıqlarındadır. "Səkkiz ayaq" adlanır.  O da sağ-salamatdır.
         Darbazla Gülöyür yaxınlığında Alban kilsəsi adında salamat saxlanılmış bir kilsə var. Deyilənə görə çar Rusiyası Qafqaza gələnə qədər bu kilsədə ətraf xalqlar ibadət etmişlər. Onu da qeyd edim ki, kilsənin ətrafında yalnız Azərbaycanlılar yaşayır.
         Kolagir kəndinin cənubunda Xram çayının sol sahilində dörd künc hörülmüş. 4-5 hektar sahəni əhatə edən çox əzəmətli ağca qala ucalır. Tarixin dediyinə görə Ağca qala Qazan xanın, Həsən padşahın, onun oğlu Sultan Yaqubun yurd yeri olmuşdur. Qalanın içərisində 4-5 metr hündürlüyündə bir türbə var idi. Türbənin ətrafı ağ parlaq çini üzərində, göy ərəb yazıları ilə doldurulmuş, naxışlarla örtülmüşdür. Xalq ona "Ağ Pir" deyə ziyarət edirdilər. 1935-ci ildə qalanı təmir etmək adı ilə "Ağ pir"i sökdülər. Bütün yazılı çini sağsıları arabalara yükləyib Xram cayına tökdülər. İndi həmin pirin yerində gürcülər kilsə tikmişlər. İçərisində keşiş oturub, qalanı monastr etmişlər.
         Borçalının Təkəli  və Quşcu kəndlərinin yaxınlığında,təpə başında,XVI-əsrdə Şah Təhmasib zamanında tikilmiş Borçalı xalqının fəxri olan Təkə bəyin qalası ucalır. Baxımsız vəziyətdə olduğu üçün, artıq sökülüb dağılmaqdadır. Çox heyiflər olsun ki, Azərbaycan hökuməti yiyə durmur. Gürcüstan hökuməti də bu qalanın yox olmasını arzulayır.
         Tiflisdə Sənan dağının güney tərəfində müsalman qəbirstanlığının yaxınlığında şeyx Sənan türbəsi ucalırdı. Vaxtilə böyük şairimiz Hüseyn Cavid türbəni ziyarət edən zaman, qarşısında duraraq ona qəsidə ithaf etmişdir. Bu gün türbə xarabalığa çevrilmişdir. 1956-cı ildə mən Şeyx sənanın qəbrini ziyarət edəndə artıq türbə yox idi. Qəbir daşları ətrafa dağılmışdı. 1960 illərdə Botanika bağını genişləndirmək məqsədilə Şeyx Sənanın türbəsi yerlə yeksan oldu. Yerində bağ salındı. Şeyx Sənanın dastanından, onun haqqında yazılan dram əsərlərindən, yazılan şeirlərdən mənəvi qida alan xələfləri, bu gün onu əfsanəvi obraz kimi xatırlayırlar. Akademiya işciləri Şeyx Sənan haqqındı elmi əsər müdafiə edirlər. Ancaq onun türbəsini tanımır.
         Bolus  (Bolnisi) rayonunda Bolnisi ilə Kəpənəkçi arasında Yıl (Yel) baba dağı ucalır. Ən qədimlərdən bu günə qədər. Ətrafındakı yerli xalqlar ona ziyarət edirlər. Dağın zirvəsində 2x3 metr nisbətində ən qədim bir tikili var. Rəvayətə görə qədim türk xalqlarının peyğəmbəri Zülqədər (Zülqərneyn) Zülmət dünyası səfərindən qayıdan zaman ölmüş və burada dəfn olunmuşdur. Onu yıl dağının başına basdırmışlar. Həmin tikili onun qəbri üzərindədir.  Dağa niyyət edənlərin niyyətlərinin, arzularının çin olması üçün, öz qurbanlarını bacaran dağın başında kəsir, bacarmıyan isə ətəyində kəsir. Dağa Azərbaycanlılarla bərabər yerli qreklərdə (yunanlar),gürcülər də ziyarət edirlər. İndi gürcü höküməti dağın başında Zülqədər peyğəmbərin qəbri üstündə böyük bir kilsə tikdilər.Onun haqqında da Akademiya işçiləri  müdafiə edib elmi ad alırlar. Çox heyif ki, yanlarında Zülqədərin kimliyini və qəbrini görməyib, onu əfsanələşdirib göy planetinin adamı hesab edirlər.
           Bu məqaləni yazmağımın səbəbindən biri də odur ki, gürcülər dərslik kitablarında uşaqlara  oxudurlar ki, Borçalıya Azərbaycanlıları 17. əsrdə Şah Abbas kütləvi surətdə  köçürmüşdür. Biz azərbaycanlılar Gürcüstan təhsil nazirliyinə öz narazılığımızı bildirdik. Bizə dedilər ki, yazının mətnini A.M.E.A.nın nəşr etdiyi “Azərbaycan milli ensiklopediyası”ndan götürülmüşdür. Belə aydın olur ki, Borçalılara “gəlmə” damğasını ilk öncə  A.M.E.A-nın əməkdaşları vurmuşlar. Bu da gürcülərin xeyrinə işləyən sənəd olmuşdur. Yuxarıda gördüyünüz kimi, bizim yerli "oborogen" olmağımızı  təsdiq edən bir çox tarixi abidlərimiz var. Biz vaxtı ilə Elmlər akademiyasına ensiklopediya nəşrində olan səhvləri düzəltmək üçün müraciət etdik, lakin heç bir cavab almadıq.
         2000 –ci ildən bu günə qədər, Türkiyənin Araştırmalar Mərkəzi Vəqfinə, Azərbaycan elmlər akademiyasının Arxiologiya  instutlarına, Tarix institutuna. Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə dövlət komitəsinə və bir çox təşkilat və mətbuatlara  müraciət etmişəm. Heç bir yerdən bizim “gəlmə” adımızı götürmək üçün dayaq yeri tapa bilməmişəm.  Son halda bütün Azərbaycan ziyalılarına müraciət edərək demək istəyirəm ki, Gürcüstan azərbaycanlılarından gəlmə adının götürülməsi üçün Azərbaycan və Gürcüstan elmlər akademiyalarının birlikdə işləyərək oradakı həmvətənlərimizdən gəlmə adının götürülməsində aktiv iştirak etsinlər.
        ( Borçalı dərələrində, Borçalı dağlarının təpələrində baş qaldıran ulu abidələr  ətraflarında torpaq altında yatan sələflər (Ulu dədələr) yüz ildən artıqdır ki, haray çəkirlər. Bizə yiyə durun deyirlər. Ama xəbərləri yoxdur ki, onların xələflərində (sonçularında) olan qeyrət deyilən şey çoxdan ölübdür. Xələflərinin  qeyrəti Göycədə, Ələyəzdə,Gümrüdə,Calaloğlunda,Zəngəzurda ən nəhayəti Qarabağda basdırıldı. Borçalının da harayını eşidən yoxdur.Heç vaxt da olmayacaqdır.Axı qeyrət çoxdan  yox olubdur.)      

 Hörmətlə: İsa mehdioğlu 
                                              
                                
                                                                                                                                                            





Hiç yorum yok:

Yorum Gönder